Məktəblilərin Gəncə ilə tanışlığı zəngin təəssüratlarla başa çatıb

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ekskursiyaya çıxan Kürdəmir, Saatlı, Sabirabad, Zaqatala, Balakən və Qax məktəbliləri martın 16-da Göygöl rayonu və Gəncə şəhəri ilə tanış olublar.

Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.

Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri qarşılayıblar.

Tur-aksiya iştirakçılarını salamlayan şəhər icra hakimiyyətinin təmsilçisi Yadigar Bədəlov Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb.

Sonra şagirdlərə tur-aksiya çərçivəsində tanış olacaqları məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.

Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Məktəblilər əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.

Şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.

Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub. Bundan bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı muzey istifadəyə verilib.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.

Burada məktəblilər dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoriya və Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə”nin motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.

Məktəblilərin baş çəkdikləri sonuncu məkan Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi olub.

Tur-aksiya iştirakçılarına məlumat verilib ki, kompleksin inşasına 2012-ci ilin yanvarında başlanılıb. Bu möhtəşəm abidənin yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşası 2014-cü ilin yanvarında başa çatdırılıb.

Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Kompleksin ərazisində 75 metr hündürlüyü olan dirəkdə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.

Gəncə-Bakı avtomobil yolunun kənarında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə çar qoşunlarına qarşı mübarizə səhnələri, həmçinin Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, ümummilli lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunub. Dəmir darvazalar kompleksə xüsusi əzəmət verir.

Şagirdlərin Göygöl rayonu və Gəncə şəhəri ilə tanışlığı zəngin təəssüratlarla başa çatıb.

Hicran Məmmədova :