Mədəniyyətimizin tarixi onun dini inancları, milli ənənələri və dəyərləri ilə sıx bağlıdır və ibtidai dövrlərə, ibadət məbədlərimizin qədimliyinə, erkən orta əsrlər dövrünün abidə memarlıq tikililərinə, İslam mədəniyyətinə əsaslanır.
Xalqımızın mədəniyyətində əsas yerlərdən birini onun həyat tərzi, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən müasir dövrümüzə qədər davam edən bu sənət növü, bu mədəniyyət xalqın geyimindən tutmuş onların əlləri ilə yaratdıqları abidələri, dini və incəsənət mədəniyyətini əhatə edir.
Geyim mədəniyyəti
Azərbaycan xalqının milli geyimləri onun maddi-mənəvi dəyərlərinin çətin və uzun inkişafı nəticəsində yaranıb. Xalqın geyimi onun tarixi ilə sıx əlaqədardır. Azərbaycan xalqının geyimi onun maddi mədəniyyətini, ona xas olan xüsusiyyətləri daha çox əks etdirən simvolu kimi başa düşülür. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapıb. Geyimlərdə tariximizi əks etdirən milli naxışlardan istifadə olunması mədəniyyətimizi əks etdirən ən gözəl nümunələrdən biridir.
Geyimin forması onun sahibinin maddi vəziyyətini və yaşını əks etdirirdi. Qədim tariximizdə kişi və qadın geyimləri Azərbaycanın bütün etnik və tarixi zonalarında müxtəlif idi. Azərbaycan qadınının başına örtdüyü kəlağayısı onun xanımlığının simvolu idi. Kişilərin taxdığı papaq isə Azərbaycan kişisinin qeyrət simvolu kimi qəbul olunurdu. Geyimlər əsasən ipək və məxmərdən tikilirdi.
Xalçaçılıq sənəti
Xalça toxuculuğu Azərbaycanın ən qədim sənət növlərindən biridir. Azərbaycanda xalça və xalça ilə əlaqədar bir çox məlumatlar kitablarda, klassik ədəbiyyatda və folklorumuzda səslənmişdir. Azərbaycan təbiətinin bütün rəngləri, səmanın mavisi, ağacların yaşıllığı, rəngarəng çiçəklərin bütün çalarları, dağların ətəyindəki kölgələr, dağların zirvəsində qarın bəyazlığı Azərbaycan xalçasında öz əksini tapmışdır. Sahibinin maddi vəziyyətindən asılı olmayaraq xalça hər evdə olan əvəzsiz sənət nümunəsidir. Xalçaların üzərindəki naxışlar Azərbaycan xalqınının adət-ənənələrindən, tarixindən, milli mənəvi dəyərlərindən xəbər verir.
Azərbaycan xalçası dünyada keyfiyyəti və yüksək bədii dəyərləri ilə məşhurdur.
Qayaüstü rəsmlər
Qobustan qayaları üzərindəki rəsmlər Azərbaycan mədəniyyətinin minilliklərdən keçən tarixinin əksidir. Mezolit dövründə yaşayan ilk insanlar öz yaşayış tərzlərini, ovçuluq ənənələri qayaların üzərində təsvir etmişlər.
İslam mədəniyyəti
Azərbaycan mədəniyyəti İslam ənənələrinin təsiri altında formalaşmışdır. Ərəblərin işğalı dövründə bir çox memarlıq quruluşu meydana gəldi: məscidlər, türbələr, minarələr. Binaların incə naxışlarla bəzədilməsi, onların müxtəlif formalarda inşa olunması və s. Səlcuqlar dövründə tikilmiş Mömünəxatun türbəsi buna çox gözəl nümunədir.
İslam mədəniyyəti qədim dövrlərdən müasir dövrümüzə qədər davam edən bədii ədəbiyyatımıza da öz təsirini göstərmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi o dövrün tanınmış məşhur yazıçılarının əsərlərində İslam ənənələrinin, mədəniyyətinin təsirini görə bilərik. Ən əsas da Nizami Gəncəvinin “Xəmsə”sində bununla yaxından tanış olmaq olar.
Musiqi və teatr
Musiqi mədəniyyətimizin xalq musiqisi növünə daxil olan ən möhtəşəm nümunəsi sayılan ənənəvi muğamlar UNESCO-nun Mədəni İrs siyahısına daxil edilib və Azərbaycan müəlliflərinin əsərləri bütün dünyanın konsert zallarında ifa olunub və hazırda ifa olunmaqdadır. Azərbaycan musiqisinin inkişafı Azərbaycan ədəbiyyatı və şeirinin tarixinə sıx bağlıdır.
Mədəniyyətimizin xüsusi məqamlarından biri də onun teatr sənətidir. Azərbaycan xalq teatrı tarix boyunca bir çox çətinliklərlə qarşılaşsa da inkişaf etməyə davam etmiş və bu günümüzə qədər gəlib çatmağa nail olmuşdur. Teatrda səhnələşdirilən mövzular Azərbaycan xalqının milli mədəni dəyərlərini, adət-ənənələrini əks etdirir.
Müasir dövrümüzdə bayramlarda təşkil olunan teatrlarda xalqımızın mənəvi dəyərlərini əks etdirən müxtəlif mövzularda tamaşalar səhnələşdirilməkdədir.