Zəminə Novruzova,
Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi
Hər zaman mətbuat ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb etdiyi və önəmli məsələləri işıqlandırdığı kimi özü də diqqət mərkəzində olub. Təbii ki, bu diqqət ona müxtəlif aspektlərdən yönəlib, ya işinə tənqidi münasibət bəslənilib, ya fəaliyyəti yüksək qiymətləndirilib, yaxud da elədiklərindən belə daha çoxu tələb olunub. Çünki haqlı olaraq belə qəbul olunub ki, mətbuat təkcə dövrün hadisələrini, sosial məsələləri işıqlandırmaqla qalmamalı, eyni zamanda hər yazısında milli-mənəvi dəyərləri də müdafiə etməlidir. Yarandığı ilk gündən etibarən, hələ 1875-ci ildə Azərbaycan xalqının maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti işıq üzü görən 56 sayının hər birində xalqın oyanışında, milli birliyininmöhkəmlənməsində mühüm rol oynamışdır. İlk mətbuat orqanımızın fəaliyyət tarixinə nəzər salsaq görərik ki, böyük əzmlə xalqın tarixini, milli kimliyini, ən əsası isə ana dilini qoruyub saxlamaq, kənar təsirlərdən qorumaq üçün mühüm işlər görmüşdür. Məhz elə bu səbəbdən də qəzetin mütərəqqi ideyaları o vaxtkı hakim dairələri narahat etmiş, 1877-ci ildə qəzetin nəşrini dayandırmışdılar. Əlbəttə, “Əkinçi” qəzeti öz fəaliyyəti ilə Azərbaycan mətbuatının gələcək inkişafı üçün bir cığır açdı, özündən sönra xeyli irəliləyişlərə səbəb oldu, demokratik ruha, milli qayəyə malik qəzet və jurnalların nəşrinə rəvac verdi. XIX əsrin sonu XX əsrin əvvəllərində nəşr olunan bütün mətbuat orqanlarının istiqamətləri bir-birindən müəyyən qədər fərqlənsə də, əslində onları əsas bir məqsəd birləşdirirdi, bu da maariflənmə, ümummilli məqsədlərə söykənərək müasirləşmə, bəşəri və milli dəyərlərin vəhdəti, ədəbi dili yad təsirlərdən qoruma və təmizliyini saxlama, geriliyin əleyhinə çıxma, mədəni inkişafı təmin etmə olub.
Azərbaycan mətbuatında öz üzərinə düşən vəzifəni hər zaman böyük şərəf və məsuliyyətlə yerinə yetirən media nümayəndələri təbii ki, müstəqilliyə qədər gələn yolda çox böyük təlatümlər, çətinliklər yaşayıb, güclü fırtınalara məruz qalıblar. Bütün bunları incəliklərinə qədər bilən ulu öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələndə digər sahələrə olduğu kimi, məhz mətbuata da xüsusi diqqət və qayğı ilə yanaşdı. İlk növbədə Ümummilli Liderin səyləri nəticəsində məlumat azadlığını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzura ləğv edildi, bununla da söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. Bundan sonra KİV üçün daha bir addım Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamıoldu. Hansı ki, həmin sərəncama əsasən Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndi. Mətbuat üçün belə mühüm bir sənədin təsdiqindən sonra cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlıq artdı, redaksiyalara yardım mexanizmi gücləndirildi ki, milli mətbuatın müstəqilliyinin dəstəklənməsi jurnalistlərin peşə məsuliyyətinin də artması demək idi.
MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı tarixi qələbə, misli görünməmiş xalq ordu birliyi medianın inkişafında yeni mərhələnin başlanmasını şərtləndirdi. Elə bu yüksəlişin, yeniliyin fonunda Vətən müharibəsindən az sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə mətbuatın qarşısında yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur. Görünən odur ki, modernləşmə, rasionallıq, aparıcı trendlərin izlənilməsi media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinə təkan verəcəkdir.Bu gün jurnalistikanın spektrinə nəzər salanda tam aydın şəkildə görmək mümkündür ki, Azərbaycan mətbuatının inkişafı ilə bağlı əhəmiyyətli dərəcədə uğurlar var və mətbuatımız sözün əsl mənasında öz yüksəlişini yaşayır.