Məktəblilər Mikayıl Müşfiqin 110 illik yubileyini qeyd ediblər

Gəncə şəhər 4 saylı tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.

yenigence.com xəbər verir ki, tədbir Prezident İlham Əliyevin imzaladığı “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Tədbirdə Böyük Vətən müharibəsi veteran Qüdrət Cəfərov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışılıb. Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsi yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Onun poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

Şagirdlərin ifasında təqdim olunan “Yenə o bağ olaydı”, “Küləklər”, “Oxu tar” və başqa şeirləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Hicran Məmmədova :