Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Qarabağın Laçın bölgəsi ən qədim dövrlərdən insan üçün lazım olan maddi sərvətləri ilə dünyada öz yeri olan, özünəməxsus mədəni inkişaf yolu keçmiş ən zəngin Azərbaycan torpaqlarındandır.
Laçın rayonu 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən bədnam düşmən tərəfindən işğal edilmişdir.Laçının işğala məruz qalması xalqımız üçün böyük faciə idi.
44 günlük Vətən müharibəsində biz bütün dünyaya sübut etdik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Müzəffər Ali Baş Komandanın göstərişi ilə qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində ancaq irəli gedərək, düşməni məhv etdi, bayrağımızı doğma Qarabağımızda dalğalandırdı. Laçının işğaldan azad edilməsi isə Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi sayılır.
Əldə etdiyimiz şanlı Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Azərbaycanın ən gözəl guşələrindən biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrildi.
Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. Hazırda geniş quruculuq işləri aparılan Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, dövlətimiz üçün strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci il avqustun 26-da yerləşməsi ilə əlaqədar Prezidentimiz cənab İlham Əliyev 2022-ci ilin noyabr ayında sərəncam imzalamışdır. Sərəncama əsasən işğaldan azad olunmuş ərazilərimizdəki şəhərlərin günləri təntənəli şəkildə keçiriləcəkdir.
İşğaldan azad edilmiş bütün ərazilər kimi, Laçın da Azərbaycan Respublikasının Prezidentinin və birinci xanım Mehriban Əliyevanın heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur. Sözsüz ki, Laçın Azərbaycanın gələcək iqtisadi və mədəni inkişafında mühüm rol oynayacaq.
Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində məğrur ifadəni görməmək mümkün deyildir. Ən sevindirici məqamlardan biri budur ki, bundan sonrakı illər laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edəcəklər.