İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə əlillər üçün treninq keçirilib. Treninqdə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi, biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları barədə məlumat verilib.
Biznes-planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili və s. barədə də əlillərin bilikləri artırılıb.
Bununla yanaşı, tədbirdə qadınlar üçün biznes-inkubatorların yaradılması geniş təşviq edilib, iştirakçılar biznes-inkubatorların əhəmiyyəti, biznes-inkubatorlarda tətbiq olunan güzəştlər, dövlət dəstəyi mexanizmləri və s. barədə ətraflı məlumatlandırılıb.
Treninqdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.