“Buraya gəldiyim üçün çox xoşbəxtəm. İnanıram ki, klub üçün faydalı olacağam”.
yenigence.com xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni transferi Amil Yunanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Kəpəz”in köklü klub olduğunu vurğulayan hücumçu bildirib ki, komanda üçün əlindən gələni etməyə çalışacaq: “Buradakı futbolçuların bir çoxunu tanıyıram. Heyət yaxşı oyunçulardan ibarətdir və istəyirik ki, komandanı çətin vəziyyətdən çıxaraq. Gəncədə futbolu çox sevirlər. Azarkeşlər bizə dəstək və kömək olsunlar. Onların dəstəyini hiss etsək, biz də meydanda ən yaxşısını edəcəyik”.
30 yaşlı forvard əvvəlki klubu “Səbail”də oyun praktikası baxımından əziyyət çəkdiyini söyləyib: “Amma inanıram ki, burada daha uğurlu olacağam. Çünki “Kəpəz”ə baş məşqçi Adil Şükürovun dəvəti ilə məqsədyönlü şəkildə gəlmişəm”.
O, rəqabətin futbolçunun inkişafına müsbət təsir göstərdiyini qeyd edib: “Rəqabət olmayanda arxayınlıq olur. Komanda üçün hansımız yaxşı olacağıqsa, baş məşqçi ona şans verəcək. Mən də öz növbəmdə mübarizəmi aparacağam. Məşqlərdə və oyunlarda maksimum gücümü ortaya qoyacağam”.
Qeyd edək ki, “Kəpəz” Amil Yunanovu “Səbail”dən cari mövsümün sonunadək icarə əsasında heyətinə qatıb. O, mövsümün ilk yarısında “dənizçilər”in heyətində 14 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.