“Kəpəz”in kapitanı Əli Səmədov Sportal.az saytına müsahibə verib.
25 yaşlı yarımmüdafiəçi Gəncə təmsilçisinin çempionatdakı çıxışını dəyərləndirib:
– Qərb derbisində “Turan Tovuz”a məğlub olduzun. Bu matç haqda fikirlərin necədir?
– Derbiyə yaxşı hazırlaşmışdıq. Komandada əhval-ruhiyyə yaxşı vəziyyətdə idi. Məncə pis oynamadıq. Əvvəlki matçlara baxanda yaxşı oyun keçirdiyimizi düşünürəm. Amma təəssüf ki, sonda məğlub olduq.
– “Kəpəz” 5 turdan sonra xal toplamayıb. Zəif çıxışın səbəbi nədir?
– Açığı ilk turlarda güclü rəqiblərlə qarşılaşdıq. Komandamız çempionata tam hazır deyildi. Yeni yığılmış kollektiv idik, bizə vaxt lazım idi. “Kəpəz” ən adlı-sanlı klublarımızdandır, hər zman iddialı olub. Sadəcə indi vəziyyət elədir ki, büdcə baxımından digər komandalardan geridə qalırıq. Bu da futbolda çox böyük təsir edir.
– “Kəpəz”də baş məşqçi dəyişikliyi baş verdi. Bunun komandaya təsiri necə olub?
– Tərlan Əhmədovun gəlişinə hər kəs kimi mən də sevindim. Düşünürəm ki, bu təyinat bizim üçün yaxşı oldu. Onun gəlişindən sonra müsbətə doğru çox dəyişikliklər var. Bunu oyunumuzda görə bilərsiz, məşqlərdə də hiss olunur. Daha çox topla oynayırıq və oyunu nəzarətdə saxlamağa çalışırıq.
– Kapitan olaraq hazırda olduğunuz vəziyyətdən çıxmaq üçün nə lazım olduğunu düşünürsən?
– Tərlan müəllim də komanda ilə danışıb, vəziyyətdən çıxacağımıza bizi inandırıb. Biz də buna inanırıq. Müsbətə doğru dəyişikliklərin olduğunu görürük. Kapitan kimi mənə güvəndiyinə görə Tərlan Əhmədova təşəkkürümü bildirirəm. Premyer Liqaya yüksələndən sonra Yaşar Vahabzadə kapitanlığı məndən almışdı.
– Ev oyunlarınızı Gəncədə oynamırsız. Bunu komandaya təsiri necədir?
– Gəncədə oynamamaq bizə çox böyük təsir edir. Biz gəncəli olaraq əsas da mənə. Evimizdə oynasaq, daha yaxşı olacağına inanıram.
– “Kəpəz” azarkeşləri hər zaman nəticə tələb edir. Özünüzü təzyiq altında hiss edirisz?
– Bəli, təzyiq var. Amma bu, Gəncədə normaldır. Komandanı sevənlər bu vəziyyəti qəbul edə bilmir. Mən bunu normal qarşılayıram. Bizim azarkeşlər pis gün azarkeşləridir. Bunu mən bilirəm. Hər zaman bizə dəstək olublar.
– Komandada ab-dava necədir? Ardıcıl məğlubiyyətlə necə təsir edib?
– Uşaqlarda ruh düşkünlüyü var. Nəyin bahasına olursa-olsun, birlikdə bu vəziyyəti düzəltməliyik. Tərlan Əhmədov da dedi ki, yaxın zamanda bu durumdan çıxacağıq.
– Növbəti turda “Şamaxı” ilə qarşılaşacaqsız. Bu matçdan gözləntin nədir?
– “Şamaxı” bizə uyğun rəqibdir. Bu matça ancaq qələbə üçün çıxacağıq. Çünki bizə bir qələbə lazımdır. Sonra hər şey axarına düşəcək.
– “Kəpəz”in bundan sonra hədəfi nə olacaq?
– Hədəfimiz bacardıqca yuxarı pillələrdə yer almaqdır. Hələ qarşıda 30 tur var. Yığacağımız xallarla mövsümü daha yuxarıda bitirməyi hədəfləyirik.
sportal.az