Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib. Gəncənin “Kəpəz” PFK-sı doğma meydanda “Səbail”i qəbul edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qarşılaşmanı stadionda azarkeşlərlə birlikdə izləyib.
“Kəpəz” Peşəkar Futbol Komandasına azarkeşlik edənlər arasında millət vəkili Müşfiq Cəfərov, ADAU-nun rektor əvəzi Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və “Kəpəz” PFK-nın İdarə Heyətinin sədri İlqar Nadiri də olub.
Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 36 və 66-cı dəqiqələrdə Abdullahi Şuaybu, 84-cü dəqiqədə isə Fərid Nəbiyev vurub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov oyundan sonra “Kəpəz” PFK-ın oyunçuları ilə görüşüb. Futbolçuları qazandıqları qələbə münasibətilə təbrik edən şəhər rəhbəri, uğurlarının davamlı olmasını arzulayıb.
Qeyd edək ki, bugünkü nəticədən sonra xallarının sayını 8-ə yüksəldən “Kəpəz” PFK turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 10 xalı olan “Səbail” FK isə 7-ci sıradadır.