Ölkəmizdə keçirilən sonuncu prezident seçkilərindən bir il ötür. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyev növbəti dəfə inamlı qələbə qazandı. Seçicilərin 92 faizindən çoxu cənab İlham Əliyevə səs verərək onu növbəti müddətə Prezident seçdi. Budəfəki prezident seçkiləri də yüksək seçici fəallığı fonunda baş tutdu. Belə ki, seçici fəallığı 76 faizdən çox olub. Bu, həm də onu göstərir ki, seçkilər azad, şəffaf və ədalətli şəkildə həyata keçirilib. Beynəlxalq və yerli təşkilatlar tərəfindən aparılan “exit-poll”ların seçkilərin ilkin nəticələri ilə üst-üstə düşməsi də bu faktı təsdiqlədi”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, ən önəmli və tarixi məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Cənab İlham Əliyevin Xankəndi şəhərində səs verməsi isə özünün təbirincə desək, separatçıların tabutuna vurulmuş son mismar oldu. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi. Prezident İlham Əliyevin seçkilərdə növbəti dəfə inamlı qələbə qazanması onun uğurlu siyasətinin nəticəsidir. Ötən illərin mənzərəsi də göstərir ki, dövlət başçısı verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirdi.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Eləcə də, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edilməsi ölkəmizin dünya miqyasındakı artan nüfuzunun göstəricisidir. Qazanılan uğurların zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri və Qazax rayonun 4 kəndinin işğaldan azad edilməsi dayanır. Öz lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı.
Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Ümumiyyətlə, Prezident İlham Əliyev qurucu, birləşdirici Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Dövlətimizin başçısı özünün “güclü dövlət” konsepsiyasını həyata keçirmək üçün, bir qayda olaraq, xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Öz növbəsində, müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını növbəti dəfə fevralın 7-də keçirilən prezident seçkilərində ifadə etdi və Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi.
“Beləliklə, seçkilərin nəticələrində Xalq-Lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, bu birlik uzun illərdir mövcuddur və müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir. Bu birlik xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırış ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi. Təqdirəlayiq haldır ki, sözügedən birlik və həmrəylik siyasi müstəvidə də özünü ifadə edir. Belə ki, həm Vətən müharibəsində, həm də ondan sonrakı proseslərdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanat verərək dövlət başçısının siyasətinə dəstək veriblər”,-deyən YAP İdarə Heyətinin üzvü qeyd edib ki, son prezident seçkilərindən keçən bir il ərzində də Azərbaycan möhtəşəm nailiyyətlərə imza atıb. 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə də mühüm siyasi uğurlar nümayiş etdirib. Bundan əlavə, 2024-cü ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına Böyük Qayıdış prosesi davam etdirilib. Dövlət başçısının vurğuladığı kimi, on mindən çox keçmiş məcburi köçkünün qayıdışı təmin edilib. Bütövlükdə isə, azad olunmuş ərazilərdə 30 min insan yaşayır.
Təbii ki, ötən bir ilin ən mühüm hadisələrindən biri dünyanın ən böyük tədbiri olan COP29-un ölkəmizdə keçirilməsidir. Bu tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi. Azərbaycan COP29-a ləyaqətli şəkildə ev sahibliyi etməklə bu mötəbər tədbirlə bağlı göstərilən etimadı layiqincə doğrultdu. İstər qonaqların tədbirin yüksək səviyyədə təşkil olunması barədə fikirləri, istərsə də Bakıda qəbul olunan mühüm qərarlar bunun sübutudur. “Bütövlükdə, prezident seçkilərindən ötən bir il də cənab İlham Əliyevin liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazılıb. Ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirib. Bütün bunlar qarşıdakı dövrdə də parlaq nailiyyətlər qazanacağımızı şərtləndirir”,-deyə Pərvin Kərimzadə vurğulayıb.