Zəminə Novruzova,
Azərbaycan Texnologiya Universitetinin İctimai Elmlər və Multikulturalizm kafedrasının baş müəllimi
Son İllər Azərbaycanın bütün dünyada nüfuzunun artması cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin, müdrik qərarların nəticəsidir. Təsadüfi deyil ki, ölkəmizlə tərəfdaşlıq etmək istəyən istər nüfuzlu təşkilatlar, istərsə də ayrı-ayrı ölkələr həm Azərbaycanın iqtisadi yüksəlişinə, həm də onun hərb meydanında qazandığı zəfərə görə ölkəmizi ən etibarlı tərəfdaş hesab edirlər. Bu aspektdə Azərbaycan türk dünyası ölkələri ilə tərəfdaşlığa, yaxın dostluq və qardaşlıq əlaqələrinə xüsusi önəm verir ki, biz bunu əməkdaşlıq münasibətlərinin inkişafında görürük. Təbii ki, burada ilk növbədə coğrafi baxımdan türk dünyası ölkələrinin çoxluq təşkil etdiyi Mərkəzi Asiya yada düşür. Ölkə Başçımızın son bir neçə ildə ardıcıl olaraq Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakıbu yaxınlığın bariz sübutudur. Xüsusilə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsiölkəmizin bütün dünyada artan nüfuzunun göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin avqustun 9-da Mərkəzi Asiya ölkələrindən olan Qazaxıstana səfərivə burada Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının görüşündə iştirakıMərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrimizi xarakterizə edən amillərdən biridir. Bu, həm də bir daha sübut edir ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanla yaxın və sıx əməkdaşlığa xüsusi önəm verirlər. 2024-cü il martın 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında söylədiyi nitqdə ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı bu fikirləri səsləndirmişdir: “Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”.
Ümumiyyətlə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. İlham Əliyev cənablarınınözünün də qeyd etdiyi kimi avqustun 9-da Mərkəzi Asiya ölkələrindən olan Qazaxıstana səfəri Azərbaycan Respublikası Prezidentinin son iki ildə Mərkəzi Asiya ölkələrinə etdiyi 16-cı səfəridir. Bu müddət ərzində ümumilikdə Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan respublikalarının ölkə başçıları Azərbaycana 15 dəfə səfər ediblər. Ölkə başçısısnın öz çıxışında da vurğuladığı kimi bizim xalqlarımızı min illərdir ki, ortaq dəyərlər birləşdirir və həmin dəyərlər eyni mədəniyyətə, dinə, adət-ənənələrə və tarixə malik olmağımızla bağlıdır. Bu gün istər Azərbaycan, istərsə də Mərkəzi Asiya Respublikaları vahid tarixi-mədəni coğrafi region olmaqla artan strateji əhəmiyyətə malikdir.
Təəssüflər olsun ki, 30 ilə yaxın bir müddət ərzində maddi-mədəniyyət abidələrinin, irs örnəklərinin zənginliyi ilə seçilən Qarabağımızın mənfur düşmənin işğalı altında olması ölkəmizə iqtisadi, siyasi baxımdan ziyan vurmaqla yanaşı, həm də tariximizin, eləcə də bütün dünya mədəniyyətinin ən qədim izlərinin məhv edilməsinə səbəb olmuşdur. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək dağıdılmışdır.Təkcə Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi ki, mənfur düşmən tərəfindən məhv edilmişdir. Bütün dünyaya məlumdur ki, 30 ilə yaxın işğal dövründə düşmən bizim ata-baba yurdumuzda hər zaman olduğu kimi tarixi saxtalaşdırmaqdan, sərvətlərimizi talamaqdan, mədəniyyət abidələrimizi məhv etməkdən başqa heç bir iş görməyib.Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar sübut edir ki, bu ərazidə yaşamış insanlar çoxsaylı abidələr, dünya və şərq memarlığının gözəl incilərini yaratmışlar.Vətənimizin bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biri olduğunu göstərən həmin abidələr, tarixin canlı şahidləri dövlətin öz daxili siyasəti hesabına görülən müxtəlif tədbirlərlə qorunub saxlanılır. 44 günlük Vətən müharibəsi ilə azadlığına qovuşandoğma Qarabağımızda bərpa və quruculuq işlərində də qardaşlıq münasibətlərinin təzahürünün şahidi olduq. Prezidentimiz öz çıxışında xüsusilə bu məsələni də vurğuladı: “Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.İlham Əliyev cənabları bütün bunları qeyd etməklə işğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işlərinin aparılmasını, eləcə də bu işdə qardaş və tərəfdaş ölkələrin dəstəkdən də öncə diqqətini vurğulamış oldu.
Ölkə başçımız öz çıxışında bütün dünyada artan təhdid və çağırışlarla bağlı ölkələrimiz arasında əməkdaşlıq və tərəfdaşlıq məsələlərinin nə qədər önəmli olduğunu bir daha qeyd etdi: “Ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”.Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycanın bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəyini, regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirdi. Sonda isə onu qeyd edək ki, bütün bu görüşlər, keçirilən tədbirlər Azərbaycanın beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanmasının bariz sübutu olmaqla yanaşı, həm iqtisadi inkişafa, həm də regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə verilən töhfədir.