Sentyabrın 17-də Aqrar Universitetdə yeni dərs ilinin açılışında iştirak edən və ali təhsil müəssisəsinin maddi-texniki bazası ilə yaxından tanış olan kənd təsərrüfatı naziri İnam Kərimov universitetin heyvandarlıq kompleksində görülən işlərlə də maraqlanıb.
Komplekslə tanış olan nazir İnam Kərimov respublikamızda heyvandarlıq sahəsinin daha da inkişaf etdirilməsi üçün alim və mütəxəssislərin təkliflərini dinləyib.
Aqrar Universitetin Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri, professor Qəmbər Abdullayev ölkəmizdə yerli qoyunların cins tərkibini yaxşılaşdırmaq və cinsin ət məhsuldarlığını artırmaq üçün yeni təkliflə çıxış edib.
Alim bildirib ki, xırdabuynuzlu heyvandarlığın fermerlər üçün daha mənfəətli sahəyə çevrilməsi üçün vətəni Tacikistan olan “Hissar” adlı ətlik-piylik qoyun cinslərinin ölkəmizə gətirilməsi, yaxud həmin qoyunların törədiciləri ilə yerli qoyunların cins tərkibinin yaxşılaşdırılması səmərəli ola bilər.
Professor Q.Abdullayev deyib ki, ətlik istiqamətli olan “Hissar” qoyunları 200 kiloqrama qədər ət verə bilir. Bu qoyunlar dağlıq və düzənliklərə, eləcə də isti və soyuq iqlim şəraitinə tezliklə uyğunlaşır.
Nazir İnam Kərimov alimin təklifini dinlədikdən sonra “Hissar” qoyun cinslərinin ölkəmizin iqlim şəraitinə uyğunluğunun və iqtisadi səmərəliliyinin daha ətraflı təhlil edilməsi üçün tapşırıqlar verib.