Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Qarşılıqlı hörmət və dostluq üzərində qurulan əlaqələr, strateji tərəfdaşlıq ölkələrimizin Misir Ərəb Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına yeni imkanlar yaradıb. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mümüm addım oldu. Bu səfərlə gələcəkdə yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsası qoyuldu. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirildi. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.
Səfər zamanı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.
Qalib ölkəmizin Qalib Lideri cənab İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti ilə geniş tərkibdə görüşündə isə Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olunub. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, respublikamızın isə 2026-cı ildə evsahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulanıb.
Prezidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin mətbuata bəyanatlarında da Misir-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində geniş danışıldı. Dövlətimizin başçısının bəyanatında Misirin COP27-ə evsahibliyinin böyük uğurlarla nəticələndiyi, dost ölkənin sözügedən sahədəki təcrübəsini öyrənmək üçün Azərbaycan nümayəndələrinin bu məsələyə böyük maraq göstərdiyi vurğulandı.
Dövlətimizin başçısının bəyanatında ikitərəfli münasibətlərin bir sıra məqamlarına toxunuldu. Ölkələrarası ticarət dövriyyəsinin bir neçə dəfə artmasına baxmayaraq bunu qaneedici olmadığı, lakin imzalanmış sənədlərin, əldə edilmiş razılaşmalarin bu istiqamətdə dönüş yaradacağına ümid bəsləndiyi diqqətə çatdırıldı. Ümumiyyətlə, yaxın perspektivdə iki ölkə arasında energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrində yüksək nəticələr əldə ediləcəyi bildirilib.
İki ölkə rəhbəri arasında keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi də aparılıb. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçdiyi, respublikamızın ərazisində bütün infrastrukturun yaradıldığı və beləliklə nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açıldığı da xatırladılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə, bu istiqamətdə yeni uğurların əldə edilməsinə, iki ölkə arasındakı münasibətlərin inkişafına şərait yaratdı.