Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə kitab sərgisi keçiriləcək.
“Nizami yurduna kitabla gəlirik!” şüarı altında keçiriləcək sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edəcək.
Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Siyavuş Quliyev, Elgüsel, Nurlan Suvarov, Çinarə Köçərli, tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqram təşkil olunacaq.
Ziyalılar, ədiblər, naşirlər və media nümayəndələrinin qatılacağı sərgidə 90 faizədək endirimlər tətbiq ediləcək.
Qeyd edək ki, III Gəncə kitab sərgisi 6-8 dekabr tarixlərində baş tutacaq.