24 aprel 2014- cü il. Bu tarix həm yeni ailə quran Əli Rzayevin və Aytən Vəliyevanın, eləcə də, bütün gəncəlilərin yaddaşına əlamətdar hadisə olaraq həkk olundu. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə Gəncədə yeni, gözəl bir ənənənin əsası qoyuldu. Əli Rzayevlə Aytən xanım bu ənənənin ilk qaranquşları oldular. Onların nikahı Gəncə şəhərinin möhtəşəm Heydər Əliyev Mərkəzində qeydə alındı. Bu münasibətlə düzənlənən təntənəli mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Kəpəz və Nizami rayon Qeydiyyat Şöbələrinin kollektivləri, ziyalılar, bəylə gəlinin valideynləri, qohumları, KİV nümayəndələri iştirak ediblər.
Nikah marşının sədaları ətrafa yayılır. Yeni cütlüklər sevincli və həyəcanlıdırlar. Nizami rayon Qeydiyyat Şöbəsinin müdiri Şəlalə Cəfərova mərasimi giriş sözü ilə açaraq nikah məqamının hər iki gəncin həyatında çox məsuliyyətli və şərəfli an olduğunu bildirdi. Bir- birlərinə sonsuz sevgilərini və razılıqlarını imzaları ilə təsdiqləyən cütlüyə nikah şəhadətnaməsi təqdim olundu. Şəhər İcra Hakimiyyəti ümumi şöbənin müdiri Flora Zeynalova hər iki gənci şəhər rəhbərliyi adından təbrik edib, onların müqəddəs ziyarətgah olan Heydər Əliyev Mərkəzində qeydə alınan nikahlarının uğurlu və uzunömürlü olmasını arzulayıb. Gəncənin tarixində gənclər üçün ilk dəfə belə bir ənənənin həyata keçirildiyini vurğulayan Flora xanım gənclərin birgə ömür yollarına möhtəşəm Heydər Əliyev Mərkəzindən qoşa addım atdıqlarını, ailə ocağının ilk nurunu buradan aldıqlarını və axıradək xoşbəxt, bəxtiyar həyat sürəcəklərinə əminliyini bildirib. Şəhər rəhbərliyi tərəfindən hədiyyə edilən bəxt üzükləri və qiymətli xalça musiqi sədaları altında gənclərə təqdim olunub.
“Mən özümü çox xoşbəxt hiss edirəm. İkiqat sevinc içərisindəyəm. Ulu öndər Heydər Əliyevin ənənələri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı bütün gənclərimizin yolunu nurlandırır. Məhz buna görə də, nikahımızın Heydər Əliyev Mərkəzində qeydiyyata alınması bizim ən ülvi arzumuz idi. Arzumuzun gerçəkləşməsində bizə dayaq olan Gəncə şəhər rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Gəncənin bütün gənclərinə səslənirəm ki, xoşbəxt ailə həyatlarına ilk qədəmlərini buradan atsınlar.”- Əli öz sevincini mərasim iştirakçıları ilə belə bölüşüb.
Hər iki gəncə “Xoşbəxt olsunlar”- deyirik.
Qeyd edək ki, yeni ailə quran Aytənin atası Zülfü Vəliyev 1993-cü ildə Vətənimizin ərazi bütövlüyü uğrunda Dağlıq Qarabağ döyüşlərində- Ağdərədə həlak olub.
Süsən Tağıyeva