Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Dram Teatrının təşkilatşılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” adlı konsert proqramı təqdim olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Müşfiq Cəfərov, Razi Nurullayev, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, Türkiyənin Gəncədəki vitse konsulu Özkan Büktel, şəhid və qazi ailələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, ziyalılar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Gəncə üzrə nümayəndəsi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları Gəncə Dövlət Dram Teatrının foyesində Gəncə şəhər Uşaq- Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və qardaş Türkiyə dövlətində baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov çıxış edərək, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb:”Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir”.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricində silsilə tədbirlərin keçirildiyini qeyd etdi, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər saldı. Ulu Öndərin əbədiyaşar ideyaları geniş ictimaiyyətin diqqətinə çatdıran Bayram Aslanov bildirib ki, tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən taledir.
Tədbirdə Gəncə şəhər ali və orta ixtisas təhsil müəssisələrinin özfəaliyyət kollektivlərinin ifasında Ulu Öndərə ithaf olunmuş mahnılar, musiqi nümunələri tamaşaçılara təqdim edilib. İzləyicilərin sonsuz marağına səbəb olan geniş konsert proqramı hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda tədbirdə fəal iştirakına görə özfəaliyyət kollektivləri YAP Gəncə şəhər təşkilatı tərəfindən təşəkkürnamə ilə təltif olunublar.