Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində YAP Gəncə şəhər təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi davam edir.
YAP Gəncə şəhər təşkilatının 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatında həyata keçirilən tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışıb və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib:”Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Heydər Əliyev siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf edir”.
Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri, dosent Asif Cavadov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli Lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, Azərbaycanı inkişaf yoluna çıxardı.
Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, onun Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlərdən danışıb.
YAP Gəncə şəhər 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri Çavid Bağırzadə çıxışında qeyd edib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazdırırlar. Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.
Digər partiya fəalları da çıxışlarında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.