YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Dekabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarının təntənəsi: şanlı Zəfərdən yeni zirvələrə” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş 2023-cü il Azərbaycan xalqının və dövlətinin tarixinə müstəsna əhəmiyyət daşıyan bir dövr kimi həkk olunmuşdur: “Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılmış, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənmiş, qlobal arenada mövqeyi daha da möhkəmlənmişdir. 2020-ci ildə əldə edilmiş möhtəşəm Qələbə ilə qaytardığımız bütün torpaqlarımızda suverenliyimiz də tam bərpa olunmuş, Azərbaycan bayrağı digər ərazilərdə olduğu kimi Xankəndidə də ucaldılmışdır. Beləliklə, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm uğurlar qazanaraq dövlətimizin və xalqımızın qarşısında duran ən ümdə vəzifəni də yerinə yetirmiş – ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilmişdir”.
Onun sözlərinə görə, Heydər Əliyev yolunun Müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, mili həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında – tarixi ədalətin bərpasında həlledici rol oynamışdır: “Artıq Ümummilli Lider Heydər Əliyevin ideyalarının təntənəsinin təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir. Bu gün gözəl əhval-ruhiyyədə biz Azərbaycanın gələcək inkişafı, Azərbaycan xalqının rifahı naminə növbəti qələbələrin astanasındayıq. Ulu Öndərin dahiyanə söylədiyi bir fikir var: “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün də məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində cənab Prezident müasir, müstəqil, suveren, bütöv Azərbaycanı, yeni Azərbaycanı qurmuşdur. Artıq Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü sabitlik adası, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır”.
Tahir Budaqov vurğulayıb ki, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın bütün uğurları və möhtəşəm qələbələri bilavasitə Heydər Əliyevin zəngin dövlətçilik irsi ilə bağlıdır: “Ona görə də “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim xalqıma, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”,- deyən Ümummilli Lider haqlı olaraq Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu adlandırılır, onun siyasi irsi və ideyaları milli-mənəvi sərvətimiz kimi olduqca yüksək dəyərləndirilir”.
YAP Sədrinin müavini bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində istər Azərbaycanda, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən çoxsaylı tədbirlər də Ümummilli Liderin zəngin dövlətçilik irsinin, əbədişayar ideyalarının öyrənilməsi və təşviqi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, regionun lider dövlətinə çevrilmiş və Zəfər zirvəsinə yüksəlmiş Azərbaycanın inkişaf yolunun tədqiqi kontekstində böyük önəm kəsb edir: “Ulu Öndərin siyasi mirası olan, onun ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası tərəfindən də “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı elmi-praktik konfranslar, aksiyalar, görüşlər, müsabiqələr və digər bir sıra tədbirlər keçirilmişdir. Xalqımızın qəlbində əbədiyaşarlıq qazanmış Ulu Öndərin vaxtilə müdrikcəsinə ifadə etdiyi “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı bütün tədbirlərimizin devizi olmuşdur”.
YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, bu gün Azərbaycanın gücünü müəyyən edən əsas strateji amil Prezident İlham Əliyevin tarixi ənənələri, milli dəyərləri, əxlaqi-mənəvi normaları daim üstün tutan, eyni zamanda, mütərəqqi çağdaş reallıqlara hər zaman açıq olan Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsindən bəhrələnərək onun siyasətini keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirməsidir: “Tarix təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinə, Heydər Əliyev yoluna alternativ yoxdur. Bu yol yalnız müstəqillik illərimizin deyil, hələ Sovetlər dönəmində, 1969-cu ildən başlayaraq qət edilən şərəfli yoldur. Şübhə yoxdur ki, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” ,- deyən və vədini yerinə yetirərək xalqın inam və etimadını doğruldan, Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirən, sözü imzası qədər dəyərli olan qətiyyətli Lider – Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımızın rifahının daha da yüksəldilməsinə yönəlmiş siyasəti ilə Azərbaycana hələ böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcəkdir. Bundan sonra da qazanılacaq bütün nailiyyət və qələbələr Heydər Əliyev siyasətinin dönməzliyinin, əbədiliyinin təsdiqi, cənab İlham Əliyevin Zəfər yürüşünün davamı, partiyamızın gücünün növbəti ifadəsi olacaqdır”.
“Fürsətdən istifadə edərək tədbirin təşkilində göstərdiyi sponsorluq dəstəyinə görə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri cənab Fərhad Qaraşova təşəkkürümü bildirir, hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram”,- deyə Tahir Budaqov vurğulayıb.
Çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində müxtəlif sahələrdə, fərqli mövzularda tədbirlər keçirilir: “Azərbaycanda müasir bazar prinsiplərinə uyğun iqtisadiyyatın və sahibkarlığın inkişafı məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ümummilli Lider biznes nümayəndələri ilə daim sıx təmasda olur, onların qayğıları ilə müntəzəm maraqlanır, tövsiyə və məsləhətlərini verirdi. Təsadüfi deyil ki, 25 aprel – Sahibkarlar Günü Ulu Öndərin yerli sahibkarlarla 2002-ci ildə keçirdiyi tarixi görüşün əsasında təsis edilib”.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı istiqamətində gördüyü genişhəcmli işləri tam şəkildə təsəvvür etmək üçün onun ali idarəetmə sahəsində təqribən 30 illik bir təqvim dövrünü əhatə edən fəaliyyətinə nəzər salmaq lazımdır. 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanın həyatında dönüş başladı. Görülən tədbirlər nəticəsində ötən əsrin 70-ci illərinin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf göstəricilərinə görə SSRİ-nin ən qabaqcıl respublikalarının sırasına daxil oldu.
Orxan Məmmədov qeyd edib ki, SSRİ-nin süqutu nəticəsində ötən əsrin 90-cı illərinin əvvəlində postsovet məkanında başlamış transformasiya prosesləri Azərbaycanda daha gərgin məcrada davam edirdi: “Sadəcə bir neçə rəqəm ilə ölkə iqtisadiyyatının o zamankı durumunu izah etmək olar. Belə ki, bu dövrdə sənayedə illik geriləmə 20-24 faizə, kənd təsərrüfatında 15-20 faizə, kapital qoyuluşlarında isə 40 faizə çatmışdı. İnflyasiya min faizlərlə ölçülürdü, manatın məzənnəsi 100 dəfədən çox azalmışdı. Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi tarixi imkandan faydalanaraq müstəqil dövlətçilik arzusunu əbədi reallaşdırmasını təmin etdi. 1993-2003-cü illər ərzində Heydər Əliyevin dövlətçilik doktrinası əsasında quruculuq strategiyası uğurla həyata keçirildi və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni səviyyədə davam etdirilməkdədir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş fiskal stimullar tətbiq edilir, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır. Son 20 ildə Azərbaycanda milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15 dəfədən çox artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib. Özəl sektorun ÜDM-də payı 83 faizi keçib, məşğulluqda isə 78 faizə yaxınlaşıb. Ötən 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyarda yaxını qeyri-neft sektoruna yönəlib”.
KOBİA-nın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir: “Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqətin nümunəsi olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. KOBİA-nın fəaliyyəti məhz sahibkarlıq sahəsində müasir dövrün çağırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəldilib. Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99,6 faizini KOB subyektləri təşkil edir, o zaman qeyd edə bilərik ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 5 il ərzində KOB subyektlərinin sayı 54 faizdən çox artaraq 378 minə yaxınlaşıb. Bu dövr ərzində KOB-ların qeyri-neft ÜDM-də payı 23,5 faizdən 27,2 faizə, onlar tərəfindən yaradılmış əlavə dəyərin həcmi isə təqribən 2 dəfəyədək artaraq 9,8 milyard manatdan 17,2 milyard manata çatıb”.
Onun sözlərinə görə, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə, Qarabağ bölgəsinin işğaldan azad edilməsi və konstitusiya quruluşunun ölkəmizin bütün ərazisində bərpa edilməsi də bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu. KOBİA mandatı çərçivəsində və dövlətin siyasətinə uyğun olaraq bizneslərin Qarabağa qayıtması məqsədilə zəruri işlər həyata keçirir və qarşıdakı illərdə də prioritet istiqamətlərdən biri kimi bu sahədə fəaliyyəti davam etdirəcək.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini deyib: “Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi. Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı ölkəmizin müstəqilliyini öncədən görürdü və onun siyasəti məhz bu istiqamətə yönəlmişdi. Ölkəmizin iqtisadi qüdrətinin artırılmasını, hərbi hazırlığa böyük önəm verilməsini, bu məqsədlə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin bütün addımları Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı”.
Dilarə Seyidzadə qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda xalqına dayaq oldu. O bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Bütün bunlar gənc nəsil üçün həm dövlətçilik ənənələrini dərk etmək, həm də üzərlərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunədir. Ulu Öndərin torpaq, Vətən sevgisi böyük idi. “Mən “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunmasını xüsusi vurğulamaq istəyirəm. O yumruqda xalqımızın birliyini görürəm. Bu, milli birlikdir, Heydər Əliyevin arzusunun reallıqda təsdiqidir. 44 gündə Azərbaycan bütün dünyaya göstərdi ki, qalib ölkədir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. O, xalqını, dövlətini elə böyük məhəbbətlə sevirdi ki, Azərbaycana İlham Əliyev kimi dövlətini, xalqını sevən Lideri bəxş etdi. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə hansı töhfəni verə bilərik, bu barədə hər kəs düşünməlidir. Onda Azərbaycanın gələcəyi hər zaman parlaq, firavan olacaq. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirin. Hər birimiz bu işə dəstək olmalıyıq. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan bütün sahələrdə inkişaf edir. Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir”,- deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.
“Azərbaycan Bayrağı” ordenli şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova bildirib ki, Heydər Əliyev Azərbaycanın xilaskarı, memarı və qurucusudur: “Heydər Əliyev dünənimizdə, bu günümüzdə, sabahımızdadır. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində misilsiz rolu olan, xalqımızın milli qürur mənbəyinə çevrilən bir liderdir. Heydər Əliyev ideyaları əbədiyyətə qədər Azarbaycana yol göstərəcək. Bu gün Azərbaycan Ulu Öndərin böyük uzaqgörənliklə istiqamətləndirdiyi və mayak kimi işıqlandırdığı yolla gələcəyə inamlı addımlarla irəliləyir. Bu gün Azərbaycanın daxili və xarici siyasəti Heydər Əliyevin müdrik ideyaları əsasında, Heydər Əliyev dəsti-xətti ilə yürüdülür. Heydər Əliyevin zaman baxımından reallaşdıra bilmədiyi bircə arzusu qalmışdı. O, Azərbaycanı bütöv, Qarabağı azad görmək istəyirdi. Ulu Öndər bu arzusunun reallaşmasını da daim arxalandığı xalqının dəstəyi ilə özü qədər inandığı İlham Əliyevə vəsiyyət etdi. Bu böyük məsələnin çözümü də böyük müdriklik, böyük uzaqgörənlik, böyük əzm və qətiyyət tələb edirdi. Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin sentyabrında bir çağırışı ilə bütün xalqı və ordunu ayağa qaldırdı. Rəhbər-xalq-ordu birliyi cəmi 44 gün ərzində böyük Zəfərə imza atdı, 30 ilə yaxın işğalda qalan torpaqlarımızı düşməndən azad etdi. Bu Zəfərlə yalnız 30 ilin deyil, əsrlərin qisası alındı. Bu Zəfərlə Azərbaycan bir dövlət, bir millət kimi özünü bütün dünyaya tanıtdı, gücünü, qüvvətini təsdiqlədi”.
“Uzun illərdir ki, Heydər Əliyevin qurub-yaratdığı Yeni Azərbaycan Partiyasının fəallarındanam. Mən eyni zamanda Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anasıyam. Mən daim Vətənimi, bayrağımı, xalqımı sevdim və övladlarımı da bu ruhda böyütdüm. Nurlan üçün Vətən Ana demək idi, torpaq toxunulmazlıq demək idi. Bu amalla da Vətənə 11 il qüsursuz xidmətindən sonra Vətən müharibəsi başlanan gündən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldı. Son nəfəsinədək qəhrəmancasına vuruşdu və Hadrut uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəldi. Vətənim üçün Nurlan kimi bir qəhrəman yetişdirdiyimə görə fəxr duyuram. Fəxr duyuram ki, Azərbaycanın Zəfər tarixinə adını yazdırmış, yalnız mənim deyil, bütün Azərbaycanın adını hörmət və qürurla andığı bir igidin anasıyam”,- deyə Rəhilə Ramazanova qeyd edib.
Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu: “Ulu Öndərin orduda vahid komandanlığın təmin edilməsi sahəsində gördüyü məqsədyönlü tədbirlər nəticəsində nizami ordu formalaşdırıldı. Mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin formalaşması başa çatdırıldı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi”.
Onun sözlərinə görə, müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır: “Qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarında olan Azərbaycan Ordusu bu gün müasir standartlara cavab verən səviyyədə formalaşıb. Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da güclənir, döyüş qabiliyyətini artırır. Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır”.
Anar Mirzəyev deyib ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi: “Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət nəticəsində böyük Qələbənin sevincini yaşadıq. Qəhrəman döyüşçülərimiz 30 il ərzində “biz döyüşməyə hazırıq, lazım gəlsə, ölümə də gedərik” ifadəsinin yalnız söz xatirinə deyilmiş olmadığını sübüt etdi. Çünki onlar öz əzəli və əbədi torpaqlarımız uğrunda döyüşürdü. Onların döyüş əzmi bütün dünyaya səs saldı. “Dəmir yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.