Gəncə şəhər Heydər Əliyev Mərkəzi Mərkəzi Kitabxana Sisteminin 16 №-li kitabxana filialı ilə birlikdə “Haqq savaşımızın ilk şəhid həkimi” mövzusunda Vətən müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəylinin ailəsi ilə onlayn görüş keçirib.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd edib ki, tarixin hansısa səhifəsini vərəqləyib, xalqımızın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə, dəyişməyən bir həqiqətin şahidi olursan. Azərbaycan xalqı yenilməz, mübariz xalqdır. Bunu Vətən üçün canından keçməyə hazır olan, şəhidlik zirvəsinə ucalan qəhrəmanlar dönə-dönə təsdiqləyiblər. Belə qəhrəmanlarımızdan biri də gülərüz siması ilə yaddaşlara həkk olunan Turqut Xəlilbəylidir.
Turqut Xəlilbəylinin atası Nadir Hüseynov, əmisi, həkim Çingiz Məmmədov, döyüş yoldaşı, dostu, tibb xidməti baş leytenantı, həkim Cəmşid Qiyaslı şəhid haqqında xatirələrini danışıb, onun cəbhədə göstərdiyi qəhrəmanlıqlar barədə məlumat veriblər.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu mənfur düşmənə ağır zərbələr vuraraq, layiqli dərs verdi. Bu yolda şəhidlik zirvəsinə ucalan igidlərimiz, qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar.
“Polad Həşimov səngər generalıdırsa, mən də səngər həkimiyəm”, – deyən Turqut Xəlilbəyli, qəhrəmanlığı və məqamı ilə səngər generalımız Polad Həşimovun davamçısı oldu. O, yaddaşlarda qəhrəman bir həkim kimi qaldı.Vətənini, torpağını sevən xalq olaraq, Azərbaycan digər qəhrəman övladları kimi, Vətən müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəylini heç zaman unutmayacaq, onun əziz xatirəsini daim yad edəcəkdir!
Daha sonra şəhidin xatirəsinə hazırlanan xatirə güşənsi Nadir Hüseynov tərəfindən tədbir iştirakçılarına nümayiş etdirilib.