Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə mart ayından start verilən “Hər kağızı bir yarpağa dəyişək” layihəsi Gəncə şəhərində də uğurla həyata keçirilir. İDEA İctimai Birliyinin Gəncə Regional Ofisi tərəfindən Gəncə “ASAN Xidmət” Mərkəzinin qarşısında üzərində “Hər kağızı bir yarpağa dəyişək!” sözləri yazılmış konteyner quraşdırılıb,istifadəyə yarasız kağız tullantılarının ora toplanmasına şərait yaradılıb.
İDEA İctimai Birliyinin Gəncə Regional Ofisinin rəhbəri Könül Zeynalova bildirib ki, mart ayının 18-dən başlayan layihə çərçivəsində 11 ton 406 kiloqram lazımsız kağız toplanaraq aidiyyatı üzrə təhvil verilib. Kağız tullantılarının toplanmasında ali və orta ixtisas məktəblərinin tələbələri, ümümtəhsil məssisələrinin şagirdləri, idarə və təşkilatlarda çalışanlar, bir sözlə şəhər ictimaiyyəti böyük həvəslə iştirak edirlər. Kağız israfını, ətraf mühitə dəyən zərəri azaltmaq, ekoloji balansı saxlamaq, tullantılardan düzgün istifadə etmək kimi mesajlarını cəmiyyətə çatdıran layihə bu gün də davam edir. Çalışırıq ki, layihədə bütün təbəqələrinin iştirakını təmin edək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işinin səmərəliliyini artıraq və tullantıların düzgün istifadəsini təşkil edək.
Qeyd edək ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etmək istəyənlər Gəncə “ASAN Xidmət” Mərkəzlərinə müraciət etməklə istifadə olunmuş kağız və kağız məhsullarını təhvil verə bilərlər.
Hicran Məmmədova