Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültələrinin bir qrup müəllimi və tələbələri 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət ediblər. Onlar erməni terrorunda həyatını itirən dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılan yerlərin ətrafına gül düzüblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən günahsız mülki insanlara qarşı həyata keçirilən hərbi cinayətlər barədə gənclərə ətraflı məlumat verib. Bildirib ki, Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə yox edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.