Gəncə Dövlət Universitetində “Məzun-2015” adlı əmək yarmarkası keçirilib. Tədbirdə Qərb bölgəsini əhatə edən 70-dən çox müəssisə və şirkət 669 iş yeri təklifi ilə iştirak edib.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov məzunları ürəkdən təbrik edib, gələcək həyatlarında uğurlar diləyib, qonaqlara, şirkət və müəssisə nümayəndələrinə universitet kollektivi adından təşəkkürünü bildirib. Qeyd edib ki, məzunlar təhsil almaqla kifayətlənməyib, olduqca fəallıq göstərib, universitet, eləcə də şəhər tədbirlərində yaxından iştirak edib, öz təhsil ocaqlarının adını, şöhrətini uca tutublar. Universitetin kollektivi öz məzunlarını unutmayacaq, gələcəkdə də onlarla yaxından əlaqə yaradacaq, fəaliyyətləri ilə maraqlanacaq.
Humanitar məsələlər üzrə prorektor ,dosent Asif Cavadov böyük məmnunluqla məzunların universitet həyatında gördükləri işlərdən, keçirilən tədbirlərdən, qazandıqları uğurlardan danışıb.
Riyaziyyat-informatika müəllimliyi ixtisasının məzunu Əsli Aslanova universitetin onlar üçün bir məbəd olduğunu bildirərək, dörd il onlara qayğı ilə yanaşan, əziyyət çəkən, elm öyrədən , savad verən, layiqli mütəxəssis kimi yetişmələrində bütün qüvvələrini əsirgəməyən müəllimlərə məzun yoldaşları adından dərin təşəkkürünü bildirib.
Universitetin həyatında və təhsildə fəallıq göstərən məzunlara Fəxri fərman təqdim edilib, valideynlərinə təşəkkür məktubu ünvanlandırılıb.
Sonda iştirakçılar tələbə rəssamların sənətkarlıq nümunələrindən ibarət satış –sərgi ilə tanış olublar. Xeyli əl işi satılaraq tələbələrin ilk uğurları kimi qiymətləndirilib.
Hicran Məmmədova