Sentyabrın 6-da Gənclər Evində 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.Tədbirdə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin nümayəndəsi Azər İbrahimov və tələbə-gənclər iştirak ediblər. Müşfiq Cəfərov tədbiri açaraq, qonaqları salamlayıb və 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixindən danışıb. O, vurğulayıb ki, hər il 18 iyun- “Milli insan hüquqları günü” və 21 sentyabr- “Beynəlxalq Sülh günü” ilə əlaqədar müxtəlif səpkili tədbirlər həyata keçirilir. O, Gəncə şəhərində də müxtəlif maarifləndirmə tədbirləri keçirildiyini və bu tədbirlərin keçirliməsində əsas məqsədin insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğunu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmin olunmasının mümkünlüyünü bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmaqdan ibarət olduğunu vurğulayıb.
Azər İbrahimov qeyd edib ki, 21 sentyabr -Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT tərəfindən təsis olunub. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Ama lazım gələrsə öz güclü ordusu ilə işğal altında olan torpaqlarını müharibə yolu ilə qaytarmağa hazırdır.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyi və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri təşkil olunduğunu qeyd edib.
O, bu gün sülh mövzusunun olduqca vacib olduğunu qeyd edərək, vurğulayıb ki, bu gün dünya dövlətləri sürətlə silahlanır və bu işə milyonlarla vəsait ayrılır. Halbuki bu vəsaitin daha əhəmiyyətli olan sağlamlıq naminə xərclənilməsi daha vacibdir. Səbuhi Abbasov Ombudsmanın Gəncə Regional Mərkəzinin 2008-ci ildən fəliyyət göstərdiyini və bu illər ərzində Mərkəzə yüzlərlə müraciətin daxil olduğunu bildirib. Hazırda müraciətlərin göndərilməsinin daha sadə üsulu kimi elektron müraciət formasının olduğunu xüsusi qeyd edib.
Diskussiya şəraitində keçən tədbirdə gənclərin sualları cavblandırılıb.
Hicran Məmmədova