“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, oktyabrın 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Gəncə Şəhər və Kəlbəcər Rayon icra hakimiyyətlərinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Gəncə şəhərindən və Kəlbəcər rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.
Heydər Əliyev parkındakı Amfiteatrda keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, dövlət himni ifa edilib.
Mərasimdə əsl bayram əhval ruhiyəsi duyulub. Həm əsgər olanlar, həm onların valideynləri, tədbir iştirakçıları silahlı qüvvələrin yüksək döyüş hazırlığı, ordu quruculuğu istiqamətində atılan addımlar, hərbi hissələrdə yaradılan imkanlar barədə məlumatlandırılıblar.
Vətənin müdafiəsiə yollananlara Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Yusif Mirzəyev ayıq-sayıq olmağı tövsiyə ediblər. Müasir texnikalar ilə təminat, keçirilən hərbi paradlar və birgə təlimlərin yüksək döyüş hazırlığı və vətənpərvərlik ruhunun yüksək olduğuna dəlalət edir. Dövlət Xidmətinin silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynadığı, gənclərin həqiqi hərbi xidmətə hazırlanması və orduya göndərilməsində mühüm rolu yüksək dəyərləndirilib.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Dram Teatrının aktyorları, bədii qiraət ustaları tərəfindən vətənpərvərlik mövzusunda xüsusi kompozisiya təqdim olunub, Şəmistan Əlizamanlının və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında mahnılar səsləndirilib.
Vətəndaşların kütləvi iştirakı ilə yadda qalan tədbirin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.