Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemində mütəmadi təkmilləşdirmələr aparılıb, müvafiq qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər edilib, vətəndaşların sosial təminatının yüksəlməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə məqsədyönlü layihələr həyata keçirilib.Nəticədə ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqi ilə bağlı görülən işlər ünvanlı sosial yardım alanların sayının azalmasına səbəb olub. Ünvanlı dövlət sosial yardım təyin olunan ailələrin sayının azalması ilk növbədə Azərbaycanda vətəndaşların həyat səviyyəsinin mütəmadi yaxşılaşması və ünvanlı dövlət sosial yardımlarının təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunması istiqamətində aparılan işlərlə bağlıdır.
Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Bəyəli Xəlilov sosial yardım alan ailələrin sayının azalmasını onların maddi durumunun yaxşılaşması ilə izah edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciətin edilməsi və yardımların təyin olunması prosesinin elektron əsaslar üzərində avtomatlaşdırılmış sisteminin yaradılması işləri davam etdirilir. Bu yeni sistem ünvanlı yardımların təyinatında məmur-vətəndaş ünsiyyətinin tam aradan qalxmasına, aztəminatlı şəxslərin ünvanlı sosial yardım sistemi üzrə sürətli və rahat, şəffaf xidmətlərə çıxış imkanı qazanmalarına səbəb olacaq.
Cari ilin aprel ayında respublika üzrə 113455 ailə (494892 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26774 ailə (116694 nəfər ailə üzvü) və ya 19 faiz azdır. Bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğin yüksəlməsi ilə müşaiyət olunub. Gəncə şəhərində də dövlət sosial yardımı təyin olunanların sayı mütəmadi olaraq azalır. Ötən ilin müvafiq dövründə 3544 nəfər dövlətdən yardım alırdısa, bu il onların sayı 3254 nəfərə kimi azalıb.
Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda edilən müvafiq dəyişikliyə əsasən, bu ilin mart ayının 17-dən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə deyil, 2 il müddətinə təyin olunur.
Hicran Məmmədova