Gəncə şəhərində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Gəncə şəhər 3 saylı peşə liseyində keçirilən treninqdə biznes-ideyanın yaradılması və həyata keçirilməsi, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və sair barədə məlumat verilib.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və sair barədə geniş məlumat verilib.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib,tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər iştirakçılara paylanılıb.
Hicran Məmmədova