“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı qədim Gəncə şəhəri olub. Azərbaycanın 15 bölgəsini əhatə edən tur Nizami yurdunun sakinlərinə idman bayramı əhval-ruhiyyəsi bəxş etməklə bərabər ,eyni zamanda həmrəylik və sevinc hissi də nəsib edib.
Aprelin 19-u səhər saatlarında su səyahətinin Gəncə mərhələsinə dağların qoynuna sığınan füsunkar gözəlliyə malik Göygöldən start verilib. Sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin IV sinif şagirdi Aysu Salahova “Bakı-2017”nin misdən hazırlanmış su qabını mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdirilmək üçün Göygölün suyu ilə doldurublar.
Mərasim axşam saatlarında Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Oyunların ulduz səfiri, əməkdar artisti Tünzalə Ağayeva gəncəliləri təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.
Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident cənab İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi gəncəli uşağa təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Gəncə şəhərinədək keçdiyi səyahət yoluna, o cümlədən Gəncə mərhələsinə nəzər salınıb.
Sonra su qabını daşıyan sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin IV sinif şagirdi, piano və skripka həvəskarı Aysu Salahova səhnəyə dəvət olunublar. Gəncə sakinləri onları coşqu ilə alqışlayıblar.
Festival səhnədə quraşdırılan lazer-işıq effektləri və su şousu, həmçinin “Buta” instrumental musiqi ansamblının ifasında rəngarəng mahnılarla davam edib. Su festivalı möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, səyahətin növbəti dayanacağı 21 aprel tarixində Şəmkir rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3 min km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.