Gəncədə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika olimpiadasına start verilib. Olimpiadaya Gəncə şəhər, eləcə də Göygöl, Daşkəsən, Samux və Goranboy rayonlarında tədrisin Azərbaycan dilində aparıldığı məktəblərin 7-8, rus dilində olan məktəblərin isə 8-ci sinif şagirdləri qatılıb. Ümumlikdə, 271 şagird 2 mərhələ olmaqla test və yazı bacarıqlarını, Rusiya mədəniyyətini yaxşı bildiklərini, onu öyrənməyə böyük maraq göstərdiklərini nümayiş etdiriblər.
Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Valentin Denisov bildirib ki, olimpiada Azərbaycanın bütün bölgələrini əhatə edəcək. Son 3 gün ərzində Qazax və Şəmkirdə olimpiada keçirdik. Gəncədə Qərb bölgəsi məktəbliləri arasında baş tutan olimpiadaya maraq çox böyükdür. Məqsədimiz rus dilini Azərbaycanda təbliğ etmək və bu dildə təhsil aparılan məktəblərə kömək etməkdir. Çünki Azərbaycanla Rusiya arasında mövcud olan dostluq körpüsündə dil amili çox vacibdir.
Olimpiadanın zonalar üzrə baş tutan seçimlərinin qalibləri respublika mərhələsinin mayda keçiriləcək yekun turuna vəsiqə qazanacaq. Qaliblər isə Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yay tətilində şimal qonşumuzun müxtəlif şəhərlərinə səyahət etmək imkanı əldə edəcəklər.