İyunun 20-də Mir Cəlal Paşayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 85 illiyi çərçivəsində səyyar plenum öz işinə başlayıb.
Plenumda Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədova, bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının dosenti, ABİ-nin üzvü Turan Məmmədəliyeva, ABİ-nin Gəncə bölməsinin sədri Məmməd Cəfərov, Gəncə Dövlət Universitetinin Musiqişünaslıq kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, eləcə də Gəncə şəhərində fəaliyyət göstərən Musiqi kolleci və məktəblərinin müəllimləri, musiqiçilər və gənc bəstəkarlar iştirak edib.
Tədbiri açan professor Sevda Qurbanəliyeva Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 85 illiyi çərçivəsində keçirilən səyyar plenumun bölgələr arasında ilk dəfə Nizami yurdunda təşkil edilməsini şəhərin mədəni həyatında böyük hadisə kimi dəyərləndirib.
Azərbaycan musiqi mədəniyyətinə Fikrət Əmirov, Qəmbər Hüseynli, Zərif Qayıbov kimi böyük bəstəkarlar və musiqiçilər bəxş edən Gəncə şəhərində bu gün mədəniyyətin müasir inkişaf dövrünü yaşadığını deyən Sevda Qurbanəliyeva bildirib ki, bu cür tədbirlərin təşkili şəhərdə gənc bəstəkarların yetişməsində, bir çox musiqi kollektivlərinin profesionallığının artırılmasında, onların Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı musiqi kollektivləri ilə yaradıcılıq əlaqələrinin qurulmasında, eləcə də gənclərin musiqi zövqünün formalaşdırılmasında böyük rol oynayacaq.
Qeyd edilib ki, hazırda Gəncə şəhərində 5 uşaq musiqi məktəbi, İncəsənət Məktəbi, Musiqi Kolleci, Gəncə Dövlət Filarmoniyası, Filarmoniya nəzdində Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, həmçinin Gəncə Dövlət Universitetində musiqinin elmi-nəzəri və praktiki əsaslar əsasında tədrisini həyata keçirən musiqi müəllimliyi ixtisası fəaliyyət göstərir.
Plenumda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədova bildirib ki, İttifaqın yubiley ili çərçivəsində ölkənin mədəni və ictimai həyatında bir sıra tədbirlər həyata keçiriləcək.
Aliyə Məmmədova möhtəşəm memarlıq arxitekturasına malik, böyük bir sənət məbədi olan Gəncə Dövlət Filarmoniyasının istifadəyə verilməsini, eləcə də filarmoniyada fəaliyyət göstərən musiqi kollektivlərinin hazırlıq səviyyəsini yüksək dəyərləndirib.
Plenumda Gəncə şəhərində musiqi mədəniyyətinin inkişafı üçün bu cür tədbirlərin daha intensiv keçirilməsinin zəruriliyi vurğulanıb. Şəhərdə fəaliyyət göstərən musiqi kollektivlərində repertuar zənginliyinin yaradılması, musiqi kitabxanasının qurulması, gənc istedadların aşkarlanması və onların akademik səviyyələrinin yükəldilməsi, şəhərdə qədim musiqi alətləri orkestrinin yaradılması, uşaq musiqisinin inkişafına yardım edilməsi, gənc bəstəkarlara musiqi sifarişlərinin verilməsi, televiziyalarda gənc bəstəkarların yaradıcılığına efir vaxtının ayrılması, ictimai nəqliyyatda səsləndirilən musiqilər üçün müəyyən qaydaların hazırlanması və sair kimi təklif və tövsiyələr səsləndirilib.
Sonda beynəlxalq müsabiqə və festivalların laureatları tərəfindən Azərbaycan bəstəkarlarının kamera-instrumental və vokal əsərləri ifa olunub.