Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə Dövlət Universitetində “Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov, millət vəkili Pərvin Kərimzadə, ziyalılar, ictimai birliklərin, dini icmaların nümayəndələri, universitetin müəllim və tələbələri iştirak ediblər.
Vəfa Abbasova tədbiri giriş sözü ilə açaraq “Beynəlxalq Tolerantlıq Günü”nün yaranma tarixi barədə danışıb. Bildirib ki, İkinci Dünya müharibəsindən sonra Avropada tolerantlıq və multikulturalizm istiqamətində müəyyən addımlar atılıb, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyası imzalanıb. BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun 1995-ci il noyabr ayının 16-da keçirilən 28-ci sessiyasında isə 185 dövlətin iştirakı ilə tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edilib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul etdiyi qərara əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyə olunub. Azərbaycanda bu gün 1999-cu ildən qeyd olunur. Vəfa Abbassova vurğulayıb ki, tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Tolerant yanaşmanın zəif olması bu mənfi təzahürlərin güclənməsinə təkan verir. Buna görə də tolerantlıq və multikulturalizm hər bir cəmiyyət üçün çox vacib dəyərlərdir.
Həsən Məmmədov bildirib ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır və Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir. Həsən Məmmədov onu da qeyd edib ki, , tolerantlıq digər inanc və əqidələrə dözümlü yanaşmadır. Tolerantlıq insan hüquqları və vicdanla bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır.
GDU-nun porektoru, millət vəkili Pərvin Kərimzadə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan tarixən tolerant və multikultural ölkə kimi tanınıb. Bu, bütün Türk dünyasının möhtəşəm abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanında da öz əksini tapıb. İslam dini də tolerantlıq və multikultural dəyərlərə böyük önəm verir. Tolerantlıq və multikulturalizm bir-biri ilə sıx bağlı olan anlayışlardır. Tolerantlıq dini dözümlülük, multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir. Millət vəkili bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, respublikamızda yaşayan bütün millətlərin, milli azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır. Min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxmış və dövlət siyasətinin prioritet istiqamətlərdən birinə çevrilmiş Azərbaycandakı tolerantlıq və multikulturalizm dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.