Gəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı, dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb.
Hazırda əhali İmamzadə Kompleksində keçirilən dini mərasimlərə qatılaraq dini ayinləri yerinə yetirirlər. Kompleksə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobillərin hərəkəti məhdudlaşdırılıb və nəqliyyat vasitələri üçün xüsusi dayanacaq yerləri ayrılıb. DYP əməkdaşları yollarda sürücüləri bu haqda məlumatlandırıblar.
Sonda polis əməkdaşları könüllü qaydada qanvermə aksiyasında iştirak ediblər.