Şəhər rəsmilərinin, ziyalıların, fəal gənclərin və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək bildirib ki, gənclər dövlətimizin gələcəyi,cəmiyyətimizin aparıcı qüvvəsidirlər.Dövlətimizin uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi dünyaya inteqrasiya edir, mötəbər məclislərdə ölkəmizi şərəflə təmsil edir,qlobal məsələlərin həllində müzakirələrə qoşulur,elm, təhsil,mədəniyyət, incəsənət və idman sahəsində möhtəşəm qələbələrə imza atırlar.
Elnur Rzayev gəncləri bayram münasibəti ilə təbrik edib,onlara həyatlarında və gələcək işlərində daha böyük uğurlar arzulayıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 Fevral-Azərbaycan Gəncləri Günü” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu əlamətdar gün hər il yüksək təntənə ilə qeyd olunaraq, ölkə gənclərinin bilavasitə əldə etdikləri nailiyyətlərə, qələbələrə və gələcək perspektivlərə baxış xarakteri daşıyır. Gənclərin həyata keçirdiyi dəyərli işlər yüksək qiymətləndirilir. Ötən il Gəncə gəncləri üçün ən uğurlu il sayılır.Ona görə ki, gənclərimiz çox dəyərli layihələri reallaşdırıblar, eyni zamanda əhəmiyyətli forum, festival, konfrans və görüşlərdə fəal iştirak ediblər,Gəncənin dünyaya tanıdılmasında, zəngin mədəniyyətimizin, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin təbliğində geniş fəallıq göstəriblər.
Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında deyib ki, ölkə Prezidenti cənab İlham Əliyev gənclərə geniş imkanların yaradılması, onların bu imkanlardan hərtərəfli bəhrələnməsi üçün bir sıra Sərəncamlar imzalayıb. Bu Sərəncamlar gənclərin həyatında mühüm rol oynayıb, onların inkişafına geniş meydan verib, irimiqyaslı layihələrin reallaşmasına zəmin yaradıb.2016-cı il üçün Avropanın Gənclər Paytaxtında bu layihə ilə bağlı 250 yerli və beynəlxalq tədbir həyata keçirilib.
Müşviq Cəfərov bildirib ki, ümumilikdə şəhərdə gənclərin sayı 95 min nəfərdir. Gəncədə 6 Tələbə-Gənclər Təşkilatı, 5 gənclər klubu, 10-dan şox Gənclər İctimai Birliyi, 17 idman təşkilatı var. 2016-cı il ərzində gənclərin iştirakı ilə həyata keçirilən layihələrdə 90 minə yaxın gənc iştirak edib.
Tədbirdə çıxış edən Gəncə ASAN xidmət Mərkəzinin əməkdaşı Vaqif Əjdərli, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Tehranə Qasımova, GDU Tələbə-Gənclər Təşkilatının sədri Orxan Məmmədov, “Odlar Yurdu” İB-nın sədr müavini Təhminə Cəfərova, Gəncə AGP-2016 İB-nin könüllülər üzrə koordinatoru Mobil Qarayev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərə göstərilən qayğının daha işıqlı gələcəyə və davamlı uğurlara hesablanan bir siyasət olduğunu, bu siyasətin sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyini qeyd ediblər.
Sonda ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclərə şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.