Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, millət vəkili Naqif Həmzəyev və kollecin müəllim-tələbə kollektivi iştirak edib. Tədbir iştirakçıları “Azərbaycan gəncliyini necə görmək istəyirəm” mövzusu ətrafında müzakirələr aparıblar.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova gənclərə müraciət edərək, Vətəni, milləti, torpağı sevməyin vacibliyindən söz açıb. O qeyd edib ki, Vətən sevgisi dünyaya gəldiyimiz zaman bizimlə birgə doğulur, o andan etibarən bizim daxilimizdə bizimlə birlikdə addımlayır. Bu hissi inkişaf etdirərək, yüksək səviyyəyə çatdırmaq isə bizim öz əlimizdədir. Təbii ki, bu işdə valideynlərin, o cümlədən müəllimlərin üzərinə böyük öhdəlik düşür. O qeyd edib ki, gənclər bu ölkənin gələcəyidirlər. Sağlam gələcək istəyiriksə, gənclərimizi sağlam yetişdirməliyik. Bu ölkəyə sağlam canlı, sağlam düşüncəli, sağlam ruhlu gənclər lazımdır. Bu ölkəyə milli mənəvi, dini dəyərlərə hörmət edən, onları qoruyub saxlayan, təbliğ edən gənclər lazımdır. Biz Azərbaycan gəncliyini bu cür görmək istəyirik.
Gənclərin vətənpərvərlik mövzusundakı çıxışları, tədbirə əlavə rəng qatıb. Gənclərin ifasında Əhməd Cavad və Üzeyir Hacıbəyovun “Çırprnırdı Qara dəniz”, Məmməd Arazın “Qalx ayağa, Azərbaycan!” və digər çıxışlar alqışlarla qarşılanıb.