Gəncə Dövlət Filarmoniyasında növbəti konsert təşkil edilib. Konsert AMEA-nın A.A.Bakixanov adına Tarix İnstitutu, T.C.Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində reallaşıb.
Tədbirdə Gəncə Dövlət Kamera və Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edərək yerli və xarici bəstəkarların mahnılarını, həmçinin xalq mahnıları ifa ediblər.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı öz çıxışı ilə gecəyə xüsusi rəng qatıb.
Xalq artisti Şahnaz Haşımovanın, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifaları alqışlarla qarşılanıb.
Konsertdə Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan və s. ümumilikdə 14 ölkədən 40-a yaxın xarici vətəndaş tamaşaçı qismində iştirak edib.