Gəncə şəhərində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ali, orta və ilk peşə ixtisas təhsilli müəssisələrinin şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirilib. Ənənə halını alan festivalın keçirilməsində məqsəd tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli-adət ənənələrimizə hörmət, bədii- estetik ruhunda tərbiyə etmək, bölgələrdə yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq və onlara dəstək verməkdir.
Bədii yaradıcılıq festivalının baxış-müsabiqəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva iştirak edərək, istedadlı gənclərin çıxışlarını izləyib.
Seçim turunda Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Gəncə Dövlət Universitetinin tələbələri estrada, muğam, aşıq musiqisi, xor və müxtəlif rəqs nömrələri ilə bacarıqlarını nümayiş etdiriblər. Gənclərin bir-birindən fərqli ifaları alqışlarla qarşılanıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, ADPU-nun baş müəllimi, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov, əməkdar incəsənət xadimi Əbdül Mahmudov, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəslidən ibarət münsiflər heyəti ifaçıların yüksək yaradıcılıq məharəti ilə yanaşı, onların səhnə mədəniyyətini, geyimlərini də nəzərə alıblar.
Seçim turunda fərqlənən gənclər mayın ayının birinci ongünlüyündə Bakıda keçiriləcək yekun turunda iştirak etmək hüquqi qazanıblar.