Paşayev Abdulla Sultan oğlu 24 iyul 1998-ci ildə Gəncə şəhərində doğulub. Gəncə şəhəri 42 nömrəli tam orta məktəbi bitirib. Gəncə Dövlət Regional Kollecində təhsilini davam etdirib.27 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Müharibə başlayan gün şəhid olan Abdullanın əkiz qardaşı Rəhim Paşayev onun necə şəhadətə yüksəlməsindən danışıb: “Abdullaya həmin gün maşında yer yoxdur, sən növbəti dəfə gələrsən deyiblər. Ancaq o, döyüş yoldaşlarımı tək qoya bilmərəm deyərək israrla maşına əyləşib. Bir az gedəndən sonra həmin ərazini minaatanlardan atəşə tutublar və qəlpə Abdullanın gözünün alt hissəsindən dəyib. Həmin vaxt maşında olan 12 nəfərdən yalnız Abdulla xəsarət alaraq şəhid olub”. Sanki o, şəhadəti üçün özü tələsirmiş. Şəhidin əkiz qardaşı deyir ki, özünə heç vaxt ad günü keçirməyəcək. “Bu günə kimi biz ad günlərində bir yerdə olmuşuq, bundan sonra da elə olacaq. Mən özümə ad günü keçirməyəcəyəm, həmin günü Abdullanın məzarı başında olacağam. Biz hər zaman birlikdə qarşılayacağıq ad günümüzü”.