Gəncə şəhərində fəaliyyət göstərən Gəncə TV yeni layihəyə imza atıb.
“Gəncənin tarixi şəxsiyyətləri” adlanan layihənin məqsədi qədim Nizami yurdunun tanınmış, nüfuzlu, məşhur simalarını, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimlərini, tarixi şəxsiyyətlərini daha yaxından tanımaq və tanıtmaqdır.
Gəncə TV-nin ilk videomaterialı məşhur “Cücələrim” mahnısının müəllifi əməkdar incəsənət xadimi Qəmbər Hüseynliyə həsr edilib.
Qeyd edək ki, nağılabənzər ömür yaşayan Qəmbər Hüseynli musiqinin bütün janrlarında yazıb. O, “Ailə namusu”, “Şeyx Sənan”, “Dağılan tifaq”, “Almaz” və sair bu kimi səhnə əsərlərinə də musiqi yazıb. 100-dən çox romansın müəllifidir. Qəmbər Hüseynlinin musiqiləri Şövkət Ələkbərova, İslam Rzayev, Sara Qədimova kimi sənətkarlarımızın ifasında dinləyici məhəbbəti qazanıb. “Muğana ceyran”, “İlk məhəbbət”, “Ay işığında” mahnılarının illər əvvəl yazılmasına baxmayaraq, bu gün də musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır.