2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Gəncə şəhərində seçicilərlə görüşlər keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, təşviqat qrupunun üzvləri Səbinə Əlizadə, Elgün Aslanov , Eldar Mehdiyev, Əlimuxtar Muxtarov və başqaları çıxış ediblər.
Təşviqat qrupunun üzvləri çıxışlarında bildiriblər ki, bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada, Laçında, işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Vaxtilə hədəf kimi qarşıya qoyulan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması bu gün artıq reallıqdır. Bu reallıq 2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub.
Natiqlər çıxışlarında tədbir iştirakçılarını 7 fevral tarixində ölkəmizin yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləməsinə, Şanlı Zəfərimizin Memarı – cənab İlham Əliyevə səs verməyə səsləyiblər.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himnin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.