Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi olan “Sabaha bu gündən başla” layihəsi çərçivəsində “Qlobal Sinif Otağı”nda (The Global Classroom) şagirdlərimiz dünya ölkələrinin məktəblilərinə Zəfər Günündən danışıblar. Layihənin işitirakçıları 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ordumuzun 30 illik erməni işğalında olan Qarabağı və ətraf rayonları azad etdiyini bildiriblər. Zəfər Gününün, Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etməklə, beynəlxalq hüquq və ədalətin təntənəsi olduğunu qeyd ediblər.
“Qlobal Sinif Otağı”nda müharibə zamanı ermənilərin cəbhə xəttindən uzaqda olan Azərbaycanın yaşayış məntəqələrini, o cümlədən Gəncəni raketlərlə bombalamasından bəhs olunub. Bu zaman dinc mülki insanların həlak olması, xəsarət alması vurğulanıb. Təqdimatlar “Qlobal Sinif Otağı”nda təmsil olunan ölkələrin şagirdləri və müəllimləri tərəfindən təəccüblə qarşılanıb.
Qeyd edək ki, “Sabaha bu gündən başla” layihəsinin icra planına uyğun olaraq xarici ölkələrdə fəaliyyət göstərən məktəblərlə beynəlxalq əlaqələr qurulub. “The Global Classroom”da dünyanın müxtəlif yerlərindən, o cümlədən ABŞ, Meksika, Cənubi Afrika Respublikası, Taiti, Braziliya, Vyetnam, Tailand və İordaniyadan olan təhsil müəssisələri iştirak edir.