Qarşıdan gələn Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərdə geniş abadlıq-quruculuq, təmir-bərpa və təmizlik işləri həyata keçirilir.
Şəhərin müxtəlif ərazilərində görülən işlərə qurumun canlı qüvvəsi və texnikaları cəlb olunub. Belə ki, Gəncə Beynəlxalq Hava Limanı və Gəncə-Bakı magistral yollarında, həmçinin şəhərin park və xiyanablarında mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib, budama işləri aparılıb. Bununla yanaşı, yol kənarlarındakı haşiyələrin dağılıb tökülən plitələri yeniləri ilə əvəz olunub. Şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərində yerləşən işıq dirəkləri, yol nişanları, dayanacaqlar və zibil qutuları yuyulur, işıq dirəklərinə yeni boya vurulur, elektrik sistemindəki nasazlıqlar aradan qaldırılır, nasaz lampalar və plafonlar yeniləri ilə əvəz edilir.
Həmçinin, Gəncə-Bakı magistralının üzərində yerləşən “Xəmsə” Daş Kitabələr Kompleksində də təmir-bərpa işləri həyata keçirilir. Nizami Gəncəvinin beş əsərinə ucaldılan kitab-abidələr restavrasiya olunaraq üzərinə boya çəkilir. Nizami Gəncəvi Məqbərəsi ətrafındakı körpülərin alt və yan hissələrindəki plitələr bərpa olunub.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Gəncədə genişmiqyaslı abadlıq, quruculuq və təmizlik aksiyaları mütəmadi olaraq davam etdirilir.