Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Voleybol Klubunun (RVK) təşkilatçılığı ilə “Voleybol hərkəs üçün!” devizi altında idman tədbiri baş tutub. Gəncənin Heydər Əliyev adına Mərkəzi meydanında təşkil olunan tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Tədbirdə Gəncə Regional Voleybol Klubunun rəhbəri Pərviz Qədirov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Gəncə Regional Voleybol Klubunun əhatə etdiyi şəhər və rayonlardan gələn 200-dən çox uşaq və yeniyetmənin qatıldığı oyunlar maraqlı anlarla yadda qalıb. Belə ki, 2 saat ərzində “Voleybol hərkəs üçün!” devizi altında müxtəlif viktorinalar, müsabiqə tipli əyləncəli oyunlar keçirilib. Qaliblərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə, o cümlədən Gəncədə və ətraf regionlarda voleybol idman növünün inkişaf etdirilməsi, kütləviliyinin artırılmasıdır.