Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında Vətən müharibəsi qazisi Yusif Musayev və Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Vüsal Qurbanov ilə görüş keçirilib.
Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov və millət vəkili Müşfiq Cəfərov iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr edildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz, əsgər və zabitlərimiz düşməni qısa müddətdə məğlubiyyətə uğradaraq şanlı bayrağımızı işğaldan azad etdikləri bütün Azərbaycan torpaqlarında dalğalandırmağa nail olublar. Bununla da şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının, zaman-zaman soyqırımına məruz qalmış bütün soydaşlarımızın qisası alınıb.
Vətən müharibəsi zamanı zəfərə gedən yolda göstərdikləri şücaətlərə görə Yusif Musayevə və Vüsal Qurbanova minnətdarlıq edilib, onların qayğıları ilə maraqlanılıb.