Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar mayın 9-da Gəncədə Yeni Azərbaycan partiyası Gəncə şəhər təşkilatı, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə velosiped yarışı keçirilib.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönü hazırda ölkəmizin hər yerində, o cümlədən Gəncədə geniş qeyd edilir. Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə hər il ənənəvi olaraq Gəncə şəhərində silsilə tədbirlər çərçivəsində keçirilən yürüşdə yüzlərlə Gəncə sakini iştirak edib. Ulu Öndər Heydər Əliyevin gənclərə sağlam həyat tərzi ilə bağlı etdiyi tövsiyələrlə bağlı bu cür tədbirlər gənclərdə vətənpərvərlik hisslərini artırmaq, onları dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdə xüsusi rolu vardır.
Natiqlər yarışda iştirak edənlərə uğurlar arzuladılar.
Hakimlər yarışın qaydaları barədə iştirakçıları təlimatlandırdıqdan sonra yarışa start verilib.
Simvolik olaraq 101 velosedçinin iştirak etdiyi yarış Gəncə şəhər İcra Hakimiyyətinin önünədən start götürüb, Ulu Öndərin adını daşıyan Park Kompleksdə yerləşən Zəfər Tağının qarşısında yekunlaşıb.