Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Dünya Azərbaycanlıları Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihənin məqsədi Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub.
Millət vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncədə yerləşən 5 təhsil müəssisəsində – Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Univeristeti, Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kollecində təhsil alan gənclər layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak ediblər.
Millət vəkillləri gənclərin sağlam həyat tərzi keçirməklə, zərərli vərdişlərdən uzaq olmaqla, mütaliə etməklə cəmiyyətin inkişafına layiqli töhfə verə biləcəklərini qeyd edib, gənclər arasında sağlam həyat tərzinin təbliği baxımından belə layihələrin əhəmiyyətindən danışıblar.
Layihənin rəhbəri Lalə Sultanlı bildirib ki, təbliğat xarakteri daşıyan, həmçinin gəncləri maarifləndirmək üçün təşkil edilən “Sağlam həyat tərzini kəşf et” layihəsinin məqsədi Gəncədə yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onlara fiziki passivliyin, narkotik vasitələr, spirtli içkilər və tütündən istifadənin mənfi fəsadlarını aşılamaq, eyni zamanda velosipedlərdən istifadəni təşviq etməkdir.
5 gün davam edən layihədə 125 tələbənin iştirakı nəzərdə tutulsa da, maraq böyük olduğundan təlimlərə 235 nəfər qatılıb.
Layihə çarçivəsində, aprel ayında Gəncədə velosiped yürüşünün keçirilməsi də planlaşdırılır.