YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə Regional filialının tərəfdaşlığı ilə “Yay Məktəbi” təşkil olunub.
Dörd gün davam edəcək “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
İyulun 17-dən start götürən “Yay məktəbi”nin iştirakçıları Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimlərdə iştirak ediblər. Həmçinin uşaqların vaxtının səmərəli keçirilnəsi üçün müxtəlif əyləncəli oyunlar keçirilib.
Daha sonra “Yay məktəbi”nin iştirakçıları böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi ilə tanış olublar. Türbə ətrafında yaradılan şəraitlə tanış olan uşaqlar Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər. Komplekslə tanışlığı davam etdirən şəhid övladları Nizami Gəncəvi Muzeyinə gəliblər. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi və tədqiq olunması ilə bağlı fərman və sərəncamlarının sərgiləndiyi Muzey uşaqlarda böyük maraq oyadıb.
Uşaqların sonra üz tutduqları məkan Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilən Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi olub.
Qeyd edək ki, iyulun 20-dək davam edəcək “Yay məktəbi” iştirakçıları dörd gün ərzində Şəhidlər xiyabanını ziyarət edəcək, Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahətməkanları ilə tanış olacaqlar.