Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı , icra nümayəndəsi Həsən Məmmədov, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açıb.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, Şərqlə Qərb arasında mədəniyyətlər və ideyalar ortaqlığı yaradan, həmrəylik körpüsü funksiyasını yerinə yetirən Azərbaycan bununla həm ümumbəşəri dəyərlərə bağlılığını, həm də tarixi keçmişində xüsusi yer tutan və bu gün də qoruyub saxladığı İslam dininin ali dəyərlərinə sadiqliyini sübut edir. Ölkəmiz qloballaşan dünyada davamlı sabitliyin bərqərar olması üçün bütün vasitələrdən istifadə edir, günümüz üçün zəruri sayılan sülhyaradıcı və barışdırıcı mövqeyini özünəməxsus formada irəli sürür. Bunlar dövlətlərin varlığını qoruyub saxlayan əsas amillərdir. Bu dəyərlərdən məhrum ölkələrdə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altındadır.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi Prezident İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu sahəyə xüsusi qayğı göstərmişdir. Respublikamızda yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanclı insanların istifadəsinə verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi, dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması bu sahəyə olan diqqətin bariz nümunəsidir. Səyyad Salahlı onu da qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı konfranslar, humanitar forumlar, beynəlxalq tədbirlər təşkil olunur.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.