Gəncə Şəhər İcra Hakimiyyətinin, Futbolun İnkişaf Fondunun və “Kəpəz” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə “Kəpəz”ə dəstək” adlı tədbir keçirilib.
Gəncə Dövlət Filarmoniyasında reallaşan görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri, Futbolun İnkişaf Fondunun icraçı direktoru, “Kəpəz” PFK-nın İdarə Heyətinin sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və “Kəpəz” PFK-nın İdarə Heyətinin sədri İlqar Nadiri təqdimatlarla çıxış ediblər. Tural Piriyev fondun fəaliyyəti çərçivəsində “Kəpəz” ilə bağlı icra olunan “KAPAZ100K” layihəsi, ianə kampaniyaları, İlqar Nadiri isə klubda həyata keçirilən layihələr ilə bağlı ətraflı məlumat veriblər.
Niyazi Bayramov Gəncə futbolunun tarixindən bəhs edərək kluba dəstəyin artırılmasının vacibliyini bildirib. Məqsədin bir olduğunu və bu yolda hamının səfərbər olmasını istəyib.
Niyazi Bayramovun çağırışına millət vəkilləri – Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov da qoşulublar.
FİF-in Himayəçilər Şurasının üzvü Yunis Hüseynov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də şəhər ictimaiyyətinin nümayəndəsi Müzadil Həsənov çıxışlarında komandaya sponsorun tapılmasının əsas vəzifələrdən olduğunu vurğulayıblar.
Tədbirdə o da qeyd olunub ki, “Kəpəz” ilə bağlı dəstək xarakterli belə görüş ilk dəfədir keçirilir. Həmçinin ianə kampaniyası çərçivəsində təbliğat işinin və kluba sponsorların cəlb olunması yönündə fəaliyyətin artırılmasına diqqət çəkilib.