Gəncədə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin anım mərasimi keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları dünya şöhrətli bəstəkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Çıxış edən natiqlər dahi bəstəkarın həyat və yaradıcılığından, o cümlədən incəsənət sahəsində əldə etdiyi nailiyyətlərdən danışıblar.
Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın “Cücələrim” mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər “Cücələrim” kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Qəmbər Hüseynli 1961-ci il iyulun 31-də dünyasını dəyişib.