Türkiyənin Gəncədəki Baş Konsulluğunda Çanaqqala şəhidləri və “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoyun xatirəsi anılıb. Tədbirdə Çanakkale şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, Türkiyə Cümhuriyyətinin dövlət rəmzi – “İstiqlal marşı” səsləndirilib. Daha sonra şəhidlərin ruhuna dualar oxunub.
Anım mərasimində çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk tədbir iştirakçılarını salamlayaraq Çanaqqala zəfərindən söz açıb, bu tarixi hadisədən ilhamlanaraq İstiqlal marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salıb: “Bu gün biz Çanakkale savaşının şəhidləri, o cümlədən istiqlal və istiqbal şairi Mehmet Akif Ersoyu anırıq. Bu gün biz tək Çanaqqala şəhidlərini yox, dünya şəhidlərini də burada yad edirik. Bildiyiniz kimi 1920-ci ildə İstiqlal marşı üçün müsabiqə təşkil edilmişdir. Mehmet Akif Ərsoy da bu yarışmada iştirak edib. O dönəmdə mükafat olaraq 500 lirə vəd olunub. Lakin şairin ürəyində vətən sevgisi o qədər qüvvətli olub ki, o, 500 lirəlik mükafatdan imtina edib. Mehmet Akif Ərsoy bu şeiri yazan zaman “Allah bir daha türk millətinə istiqlal marşı yazdırmasın!” deyə söyləyib”.
Zeki Öztürk vətən və ana topraq uğrunda canından keçən Türk və Azərbaycan şəhidlərini yad edib, istiqlal naminə verilən mübarizələrdən söz açıb, qazanılan zəfərlərin əbədi olmasını diləyib.
Tədbirdə çıxış edən şair İnqilab İsaq istiqlal şairi Mehmet Akif Ərsoyun xatirəsini ehtiramla yad edib, onun yaradıcılığına verilən dəyərdən söz açıb, şairin qələmə aldığı şeirlərin dərin məna kəsb etdiyini, özündə milli ruh və yüksək vətənpərvərlik hissi barındırdığını dilə gətirib.
Gəncə Uşaq Evinin sakinləri Mehmet Akif Ersoyun müəllifi olduğu “İstiqlal marşı” şeirini səsləndiriblər.
Tədbirdə Mehmet Akif Ərsoyun həyatından bəhs edən sənədli film, Çanaqqala döyüşü və Çanaqqala şəhidlərinə həsr edilən videoçarx nümayiş olunub.
Sonda iştirakçılar Türkiyənin Prezidenti Rəcəb Tair Ərdoğanın ifasında “Bayraq” şeirini dinləyiblər.