Gəncəlilərin bu günkü nurlu səhəri daha bir müjdə xəbər ilə açılıb. Bişkekdə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Gəncə MDB-nin mədəniyyət paytaxtı tituluna layiq görülüb. Şəhərimizin qaynar və coşqulu bir həyat yaşadığı 26 sentyabrda keçiriləcək Referendumla bağlı təbliğat kampaniyasının şəhər ictimaiyyətinin yüksək fəallığı ilə davam etdiyi dövrdə bu cür qürurverici xəbər hər birimizi ürəkdən sevindirib. Gəncə “2016-cı il Avropa Gənclər Paytaxtı” titulu ilə bərabər MDB-nin mədəniyyət paytaxtı adını da şərəflə daşıyacaq. Bu ad qədim və müasir Gəncənin zəngin mədəniyyətini, tarixini, sürətlə tərəqqisini, milli-mənəvi dəyərlərini, mənəviyyatını özündə əks etdirən mühüm, əlamətdar göstəricidir. Şəhərimiz dünyaya inteqrasiyya edir, uğurları, zəfərləri, müasir yaraşıqlı görkəmi, yüksək mədəni səviyyəsi, genişvüsətli tərəqqisi ilə.
“Gəncə şəhəri hər bir vətənpərvər azərbaycanlı üçün əzizdir, çünki o milli mədəniyyət mərkəzidir” – ulu öndərin bu tövsiyəsi şəhər rəhbərliyinin, eləcə də bütün gəncəlilərin işində, əməlində, fədakarlığında dönə-dönə təsdiqlənib. Ölkə başçısı cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə diqqət və qayğısı, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yüksək təşkilatçılığı sayəsində təkcə son 5 ildə görülən möhtəşəm işlərə nəzər salmaq kifayətdir.
2011-ci ildən bəri 100-dən artıq yaşı olan 500-ə yaxın tarixi qədim tikililər ardıcıllıqla təmir edilir. Nizami məqbərəsi və onun ətraf ərazisi, “Uğurlu xan sarayı”, “ Çökək hamam” , “Şah Abbas məscidinin ətraf ərazisi” , “Zərrabi” Poeziya Teatrı, Yeni Gəncə yaşayış massivində “Novruz” meydanı, “Ozan” və “Şərəfxanlı” məscidləri abidələr yenidən bərpa olunub.
Yeni parklar, xiyabanlar, yaraşıqlı prospekt və küçələr, yaşıllıqlar, rəngarəng gül-çiçəklər, fəvvarələr göz oxşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin “möcüzə” adlandırdığı Heydər Əliyev parkı, möhtəşəm Heydər Əliyev Mərkəzi, “Zəfər Tağı”, “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” parkı, Gəncə çayının sağsahili boyunca park-bulvar kompleksi, “Məhsəti Mədəniyyət Mərkəzi”, “Gəncə İncəsənət Muzeyi” və başqa tikililər hamını heyran edir.
2011-ci ildə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə şəhərdə tarixi əhəmiyyət kəsb edən abidələrin sayının dəqiqləşdirilməsi, təmir və bərpası məqsədi ilə sərəncam imzaladı və sərəncama əsasən xüsusi komissiya yaradıldı. Həmin sərəncamın yerinə yetirilməsi ilə əlaqədar keçirilən yığıncaqda şəhərimizin İcra Başçısı bildirdi ki, “Nəinki Azərbaycanın, bütün Yaxın Şərqin həyatında mühüm rol oynamış Gəncə abidələrlə zəngin bir şəhərdir. Əsas məqsədimiz respublikamızın ən qədim şəhərlərindən olan Gəncədəki tarixi mədəniyyət abidələrini bərpa edərək, onları yenidən xalqın istifadəsinə verməkdir. Beləliklə, Gəncəni tarixi baxımdan daha maraqlı turizm mərkəzinə çevirmək mümkün olacaq. Bu abidələrlə tanışlıq qonaqlarımızı qədim, çoxşaxəli mədəniyyətimizlə məlumatlandıracaq və təəssüratlarını zənginləşdirəcəkdir”.
O vaxtdan qısa müddət keçib və biz bu gün bütün gəncəlilərə “gözünüz aydın” deyirik və Şeyx Nizami yurdu Gəncənin “MDB-nin mədəniyyət paytaxtı” adına layiq görülməsi münasibəti ilə təbrik edirik!” Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya,dərin minnətdarlığımızı bildiririk. Gəncənin inkişafında fədakar fəaliyyət göstərən, milli-mənəvi dəyərlərimizin qorunmasında var qüvvəsini əsirgəməyən şəhər rəhbərinə təşəkkür edirik.
Süsən Tağıyeva